Azərişıq"dan məhkəmə qərarına SAYĞISIZLIQ! Vətəndaşın işığı niyə kəsildi? - VİDEO

  • 17 noy 2021, 23:13
"Azərişıq" ASC-nin Xəzər rayonu üzrə Elektrik Təchizatı və Satış İdarəsi növbəti özbaşınalığa imza atıb. Qurum ortada qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icraatda olmasını heçə sayaraq, abonentin işığını kəsib.
Bu barədə Demokratik.Az-a Xəzər rayon Binə qəsəbəsi, Südçülük sovxozundakı (abonent kodu - 030503700530011) evinə elektrik enerjisinin verilişi dayandırılan Mansurova Kəmalə Vilayət qızının qardaşı məlumat verib.

Ceyhun Mansurovun sözlərinə görə, bir müddət əvvəl nasazlıq səbəbindən evin sayğacı qurum tərəfindən dəyişdirilib. Ardınca isə işıq idarəsi sözügedən abonentin üzərinə 887 manatlıq borc yükləyərək həmin pulu vətəndaşdan almaq istəyiblər. Nəticədə, abonent "Azərişıq"a qarşı məhkəmə çəkişmələri başladaraq əsassız borcun silinməsinə dair iddialarında qalib gəliblər.

Azərbaycan Respublikası adından qət edilən sənədlərdən də aydın olur ki, həm Xəzər rayon Məhkəməsi, eləcə də Bakı Apelyasiya Məhkəməsinin çıxarmış olduğu qətnamələrlə Azərişıq qarşısında abonentə qarşı əsassız şəkildə hesablanmış 887 manat borcun silinməsi təsbit edilmişdir. Qüvvədə olan qətnamə üzrə iş materialları icra edilməsi üçün hazırda aidiyyatı üzrə icraata yönləndirilmişdir. Lakin, "Azərişıq" ASC-nin Xəzər RETSİ bilə-bilə qətnaməyə sayğısız davranaraq abonentə elektrik enerjisinin verilişini qanunazidd şəkildə dayandırmışdır. Sanki, Xəzər RETSİ anlamamışdır ki, əslində vətəndaşın onlara deyil, "Azərişıq"ın şikayətçiyə maddi borcu var.

Şikayətçi hüquqi bir dövlətdə belə bir hadisənin baş verdiyinə inanmaq istəmədiyini deyir. Mövcud qətnaməyə qarşı biabırçı olay deməyə əsas yaradır ki, "Azərişıq"da təmsil olunan bəzi başbilənlər hədlərini o dərəcədə aşıblar ki, qanun belə tanımırlar. Görünür, bugünlərdə Maştağa ETSİ-dən Xəzər RETSİ-yə rəis gələn Səbuhi Zeynalov ağına-bozuna boylanmadan təhlükəli korrupsiya "oçistka"larına başlayıb...
Oxşar xəbərlər