Kəlbəcərə gedənləri 80 km aralıdan "təftiş" edən Toğana postu lazımdırmı?!

  • 18 sen 2021, 14:35
Azərbaycanın müzəffər ordusunun "44 günlük" vətən savaşında düşmən tapdağından azad etdiyi doğma torpaqlarımızdan biri də Ermənistanla həmsərhəd olan Kəlbəcər rayonudur. 1993-cü ilin aprelindən bu yana yurd-yuvalarından didərgin düşmüş Kəlbəcərlilər bu tarixi qələbənin sevincini dadırlar. Lakin, indi o torpaqlar ermənidən təmizlənsə də, mənfur düşmənin təxribatları, ərazidə çoxsaylı minaların mövcudluğu mülki əhalinin Kəlbəcər ərazisinə rahat gediş-gəlişinə maneələr yaradır. Bu məqsədlə Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirir.
Hər gün informasiyalar yayılır ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən vətəndaşları saxlayır, 28 ildir ki, qəlbi vətən həsrətindən yanan Kəlbəcərlilərlə müvafiq profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi onlara izah edilir. Eləcə də qayda pozan şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilir, barələrində Kəlbəcər rayon məhkəməsində müvafiq qərarlar qəbul edilir. Təbii ki, sadalananlar ölkə vətəndaşlarının həyati təhlükəsizliyini təmin etmək üçün atılan addımlardandır. Lakin, Kəlbəcərə gediş üçün əsas yolda quraşdırılan polis postlarının fəaliyyətindən narazı olanlar da tapılır. Kəlbəcərə getmək istəyənlər isə minlərlədir.

"Demokratik.Az"-ın məlumatına görə, qanunsuz gediş-gəlişin qarşısını almaq məqsədilə qurulan ilk post Göygöl rayonunun Toğanalı kəndində yerləşir. Bu stasionar post müasir görüntü-nəzarət kamerası, şlaqbaum və digər zəruri avadanlıqlarla təchiz edilib. Postda Sarısu polis bölməsinin əməkdaşlarının və hərbi polislərin iştirakı ilə gecə-gündüz gücləndirilmiş nəzarət təşkil edilib. Həmin postdan cəmi bir neçə kilometrlik məsafədə isə Kəlbəcər rayon polis şöbəsinin əməkdaşlarının nəzarətində olan, Göygöl rayonunun inzibati ərazi vahidində "YOL EVİ" deyilən ərazidə başqa bir stasionar post da var.

Saytımızın əldə etdiyi məlumata görə, Kəlbəcərə uzanan Toğana-Kəlbəcər yolu üzərində, Göygöl rayonu ərazisinə düşən və eyni işi görən iki postun qurulmasının tutarlı məntiqi izahı yoxdur. Belə ki, rəsmi bilgilərdən də göründüyü kimi, Kəlbəcərə getməyə səy göstərən şəxslərin təftiş edilməsi, icazələrinin olub-olmamasının yoxlanılması və digər tədbirlərin görülməsi öhdəliyi əslində birbaşa Kəlbəcər RPŞ-nin vəzifə öhdəliyidir. Eləcə də Göygöl RPŞ-nin tabeliyindəki Toğana postu Kəlbəcər ərazisindən 80 km uzaqlıqda yerləşir və özündən sonra Göygöl rayonunun yuxarıda yerləşən Priverdilər, Tülallar və Əzgilli kəndlərinin sakinlərinin gediş-gəlişinə də bir sıra süni maneələr yaradır. Post həm də istənilən vətəndaşın Göygöl ərazisindəki istirahət istəklərinin qarşısını alır. Əksər hallarda Toğana postundan buraxılıb Kəlbəcər polisi tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilən şəxslərin və nəqliyyat vasitələrinin günbəgün artması da bu postun faydalı olmadığını, süni əsaslara dayandığını isbat edir. Bu postun əvvəlki mövcudluğu hərbi vəziyyətə dayanırdısa, indi sadəcə yardımçı funksiyası həyata keçirir. 

Bir sıra iddialara və vətəndaşların dediyinə görə, Toğana postu müəyyən maddi maraqlar müqabilində vətəndaşların Kəlbəcər ərazisinə getməsinə rahatlıqla göz yuma bilir. Sarısu polis bölməsinin rəisi Nəriman Məmmədovun (sabiq Gəncə ş, Kəpəz PŞ-nin rəisi Ağahüseyn Məmmədovun oğlu) və əməkdaşlarının öz səlahiyyətlərindən sui-istifadə edərək Göygöl rayonu ərazisindəki postdan yayındırmaqla istədikləri vətəndaşı Kəlbəcərə yola salmasına şərait yaratdığı bilidirlir. Bu barədə əhali arasında kifayət qədər informasiya və şaiyələr dolaşmaqdadır.

DİN-in "102" xidmətinə şikayətlər edən Çaykənd kənd sakini Elnur Hüseynov da mövcud postun fəaliyyətini tənqid edənlərdəndir. Müəllim işləyən Elnur dəfələrlə Toğana postundakı özbaşınalıqlar barədə DİN-ə müraciətlər, şikayətlər edib.

İddialara inansaq, adıkeçən polis postunda vətəndaşın hər birindən Kəlbəcərə qanunsuz gedişi təşkil etmək məqsədilə müəyyən məbləğdə rüşvət də alınır. Son bir ayda Kəlbəcər ərazisində bir neçə maşının və şəxsin tutularaq İX protokolu tərtib edilməklə cəzalandırılması da məhz Çaykənd polis bölməsinin bilərəkdən gediş-gəlişə şərait yaranmasından ortaya çıxır, hətta bir çox belə hallar rəsmiləşdirilmir, Kəlbəcər PŞ özbaşınalıqdan xeyli əziyyət çəkir. İmkanlı və varlı şəxslərin onsuz da bu postu rahatlıqla keçə bilməsi isə vətəndaşlarda haqlı suallar yaradır. Axı, Toğana postunun ümumiyyətlə Kəlbəcərə gediş-gəlişə nəzarətdə hansı xidmətləri var? Kəlbəcərə gediş-gəliş üçün polis-nəzarət postu niyə rayonun ərazisindən 80 km aralıda yerləşən Göygöl rayonunun Toğana kəndində qurulub?

Ötən gün Toğana postunda olanları müşahidə edən, adının çəkilməsini istəməyən narazı vətəndaşlardan biri isə deyir ki, adı DİN-in icazə portalında olmayan bəzi şəxslər istədikləri vaxt asanlıqla Kəlbəcərə gedə bilirlər. Məlumata görə, əslən Kəlbəcərdən olan iş adamı Hüseynov Telman İbrahim oğlu da onlardan biridir. Bildirilir ki, bahalı avtomaşında postlara yaxınlaşan "xüsusi imtiyazlı" şəxslər polislər tərəfindən gülə-gülə qarşılanır və onların sərbəst hərəkətlərinə icazə verilir.         
Mövzu ilə əlaqədar hüquqi paradoksallıq və diqqət təşkil edən mühüm bir halı da diqqətinizə çatdıraq ki, cari ildə Kəlbəcər polisi tərəfindən müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması Göygöl rayonu ərazisində həyata keçirilir. Əksər hallarda da həmin şəxslər barəsində Kəlbəcər məhkəməsinin qərarı ilə inzibati tənbeh tədbiri qüvvəyə minir. Yəni o da maraqlıdır ki, Kəlbəcərdən xeyli aralıda - Göygöl ərazisində saxlanılan, Kəlbəcərə getmək istəyi olsa da əməli reallaşmayan şəxslərə İnzibati cərimələr necə tətbiq edilir? Yəni, inzibati xətanın törədilməsi baş tutmayıbsa, Kəlbəcər məhkəməsinin və polisin vətəndaşlara qarşı yürütdüyü tənbeh tədbirləri nə dərəcədə ədalətlidir?

Qəti əminik ki, DİN rəhbərliyi sözügedən məsələyə həssas yanaşaraq, Göygöl RPŞ-nin tabeliyindəki Toğana postunun və Kəlbəcər PŞ-nin Göygöl ərazisində təşkil etdiyi stasionar postun fəaliyyətinə daha yaxından diqqət ayıracaq. İnanırıq ki, hörmətli DİN naziri cənab Vilayət Eyvazov Kəlbəcərdən 80 km aralıda, Göygöl rayon Toğana kəndindəki postun ümumiyyətlə ləğvi məsələsini gündəliyə salacaq...        
Osman Nərimanoğlu
Demokratik.Az



Oxşar xəbərlər