"Azərişıq" Nazirlər Kabinetinin qərarını pozur - ŞİKAYƏT

  • 07 okt 2021, 11:12
Daha bir paytaxt sakini "Azərişıq" ASC-nin fəaliyyətindən narazıdır. 

Bakı sakini Ramazanov Sərxan Səfər oğlunun Demokratik.Az-a bildirdiyinə görə, qurumun süründürməçiliyi və maddi maraqları ucbatından Binə qəsəbəsi Südçülük sovxozunda özünə məxsus mənzilə elektrik enerjisinin çəkilişinə nail ola bilmir. Dövlət qurumu istehlakçısını rəsmən yükləmək, ondan əsassız ödəniş tələb edib artıq pul qamarlamaq istəyir.

Şikayətçinin durumundan anlaşılır ki, "Azərişıq" vətəndaşın qanunla qorunan mənafeyinə təcavüz edir, eyni zamanda bilə-bilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında QƏRARI heçə sayırlar.

Vətəndaşın redaksiyamıza təqdim etdiyi rəsmi sənədlərdən aydın olur ki, "ASAN" xidmət mərkəzinə müraciət edən vətəndaş Sərxan Ramazanovun istəyi əsasında 15.09.2021-ci il tarixində zəruri sənədləşdirilmə işləri aparılsa da, "Azərişıq" üzərinə düşən öhdəliklərin yerinə yetirilməsindən yayınır.

Müxtəlif vaxt aralığında şikayətçiyə verilən arayışlara görə, 3 fazalı 5kvt-lıq elektrik enerjisinə qoşulma haqqı normalda 1245 (bir min iki yüz qırx beş) manat təşkil etməli olduğu halda, sonradan "Azərişıq" ASC-nin Asan xidmətlə iş mərkəzinin departamentinin və qurumun hansısa "başbilənlər"inin təkidilə vətəndaşdan 2462,5 (iki min dörd yüz altmış iki manat əlli qəpik) dövlət rüsumu tələb edirlər. Bunu da elektrik xəttinin sifarişçinin evindən 60 metrlik uzaqlıqdakı məsafədə olmasını bəhanə edirlər, görüləcək iş adı altında hazırladıqları smeta dəyərini vətəndaşdan tələb edirlər. Yəni, evə elektrik xəttinin çəkilişi üçün istifadə ediləcək elektrik dirəklərinin, ümumi naqilin və işçipulunu sifarişçinin özündən istəyirlər.  

Vətəndaşın dediyinə görə, ondan əlavə haqqın istənilməsinin heç bir əsası yoxdur. Sadəcə olaraq "Azərişıq" onun pulunu qopartmaq, öz maddi-məsul vəzifə öhdəliklərini sifarişçinin üzərinə yıxmaq istəyirlər. Sərxan Ramazanov dediklərinin sübutu kimi bildirir ki, qurum onun mülkiyyəti ilə ərazidəki mövcud transformatorun arasındakı məsafə fərqini (həmin evlə 93 saylı transformator arasında 303 metrlik məsafə var-red) unutmasa, gizlətməsə Nazirlər Kabinetinin yuxarıda xatırlatdığımız qərarın 1.2.6-cı müddəasının (0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir) icrasına düzgün riayət etsə belə problem də ortaya atılmaz. Şikayətçi hesab edir ki, "Azərişıq"-ın ondan tələbi əslində qurumun özünün üzərinə düşən vəzifə öhdəlikləridir və dövlət qurumu öz nöqsanını təcili aradan qaldırıb qanunlara sayğılı davranmalı, vətəndaş müraciətinə məmnunluğu təmin etməlidir.
 
Təəssüf hissilə onu da biz bildirək ki, anoloji problemlərdə tərəf kimi "ASAN" Xidmət Mərkəzlərinin də adı hallanır. Hansı ki, prezident cənab İlham Əliyev bu qurumu ölkədə şəffaflığın təmin edilməsi, vətəndaşlarımızın harın və rüşvətxor məmurlar tərəfindən incidilməməsi üçün yaradıb.
"Azərişıq"ın timsalında isə, qurumların bir çoxunun nümayəndələrinin "ASAN" xidmətin binasında əyləşib insanları naümid buraxmaları, onlara qarşı qanunsuz tələblər irəli sürmələri, rəsmi korrupsiya əməlinə yol açan hərəkətlərə rəvac vermələri sonuç olaraq "ASAN"-ı da urvatdan salır, asan işləri də çətinləşdirir...

Demokratik.Az olaraq qurumun mövqeyini də dərc etməyə hazırıq...
Demokratik.Az
 



Oxşar xəbərlər